Sahil Babayev və Macarıstanın iqtisadi inkişaf naziri arasında əməkdaşlıq sənədi imzalanıb
- elseo
- 279 views
- 0 comments
Sənəddə əmək və məşğulluq sahələrində bilik və qabaqcıl təcrübə mübadilələrinin aparılması əksini tapır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək ildən-ilə genişlənməkdə olduğunu vurğulayıb.
Ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin inkişafında önəmi qeyd olunub, Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin də 2021-ci illə müqayisədə 2022-ci ildə 34,81 faiz artdığı bildirilib. İki ölkənin hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edən fəaliyyətindən bəhs olunub. Hər iki ölkədə keçirilən biznes forumların, işgüzar görüşlərin əhəmiyyəti qeyd edilib.
Azərbaycanda sosial sahədə, habelə əmək və məşğulluq sahəsində aparılan islahatlar, aktiv məşğulluq proqramları, sosial sahədə e-xidmətlər, o cümlədən rəqəmsal məşğulluq xidmətləri barədə məlumat verilib. Bu sahələrdə də iki ölkənin fəal əməkdaşlıq təcrübəsinin formalaşmasının qarşılıqlı faydalı ola biləcəyi vurğulanıb.
Marton Nad ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını, ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında ikitərəfli əlaqələrinin daim inkişafda olmasının məmnunluq doğurduğunu ifadə edib.
İki ölkə arasında enerji, qarşılıqlı investisiyaların təşviqi, ikitərəfli və tranzit yük axınlarının artırılması, kənd təsərrüfatı, əmək, məşğulluq, sosial xidmətlərin elektronlaşdırılması və s. sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın İqtisadi İnkişaf Nazirliyi arasında 2023-2024-cü illər üçün Tədbirlər Planı” imzalanıb.
Sənəddə əmək bazarının monitorinqi və proqnozlaşdırılması, əməyin mühafizəsi, əmək münasibətlərinin tənzimlənməsi üzrə milli qanunvericiliyin tətbiqi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işsiz və işaxtaranlar üçün məşğulluq imkanlarının genişləndirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, DOST mərkəzlərində əmək və məşğulluq, digər istiqamətlərdə xidmətlərin göstərilməsi və s. sahələrdə bilik və qabaqcıl təcrübə mübadilələrinin aparılması əksini tapır.