Nazir Sahil Babayev əməkhaqqı artımı haqqında danışdı
- elseo
- 742 views
- 0 comments
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamlarla ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlandığını bildirib. İmzalanan bu Sərəncamların əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin etdiyini vurğulayıb.
Nazir bildirib ki, dövlət başçısının bu gün imzaladığı yeni Sərəncamlarla minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır, bu artım 800 min işçinin maaşının artması deməkdir. Həmçinin dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırıldı. Yəni, bu gün imzalanan Sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir.
S.Babayev vurğulayıb ki, ölkəmzidə son 4 ildə sosial ödənişlərdə baş verən ciddi artımların mühüm bir istiqaməti əməkhaqları ilə bağlıdır. Hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım bu dövrdə 2,3 dəfə təşkil edib. Habelə orta aylıq əməkhaqqında 37%, median əməkhaqqında 74% artım olub.
Qeyd olunub ki, əmək müqavilələrinin sayı da son 4 ildə 30% artıb.
Bütün bu müsbət proseslər nəticədə son 4 ildə əməkhaqqı fondunda da 92% artıma imkan verib və bu göstərici gələn il daha da artacaq.
Ümumilikdə Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamı ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanmasına təminat yaradıb. İslahatların yeni mərhələsi 2,1 milyondan çox şəxsi əhatə edəcək və bu islahat mərhələsi üçün illik əlavə 1,5 milyard manat vəsait də nəzərdə tutulub.