Nazir Sahil Babayev İƏT-in araşdırmalar və təlim mərkəzinin baş direktoru ilə görüşüb
- elseo
- 293 views
- 0 comments
DOST Agentliyində ölkəmizdə səfərdə olan İslam Əmək Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru xanım Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə tanış olublar.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlar və əldə olunmuş nailiyyətlər, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin geniş tətbiqi işləri barədə məlumat verib.
İƏT-ə üzv ölkələr üzrə statistika, iqtisadi və sosial sahələrdə araşdırmaların aparılması, təcrübələrin və texniki məlumatların mübadiləsində SESRIC-in fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Nazirliyin SESRIC ilə əməkdaşlığa xüsusi önəm verdiyi, həmçinin qurumun müxtəlif mövzularda keçirdiyi konfrans, seminar və təlimlərdə Nazirlik əməkdaşlarının iştirak etdiyi bildirilib. İƏT-in mərkəzi qərargahı Bakı şəhərində olmaqla yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin inkişafına töhfə verəcəyi qeyd olunub.
Zehra Zümrüd Selçuk ölkəmizdə sosial sahələrdə aparılan islahatlarla, habelə DOST modeli ilə bağlı müsbət fikirlərini ifadə edib. O, rəhbəri olduğu qurumun fəaliyyət sahələri, icra etdiyi proqramlar barədə məlumat verib, SESRIC-in İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzi ilə fəal əməkdaşlıq edəcəyini bildirib.
Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətindən bəhs olunub. Milli Observatoriya ilə SESRIC arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti üçün DOST konsepsiyası və əmək, məşğulluq, sosial müdafiə sahələrində yaradılmış elektron sistemlərə, rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.